Ödənişsiz ala biləcəyiniz digital marketinq sertifikatları hansılardır?

Ödənişsiz ala biləcəyiniz digital marketinq sertifikatları hansılardır?

Ödənişsiz Digital Marketinq Sertifikatlarının Önəmi

Rəqəmsal marketinq dünyasında uğur qazanmaq təkcə təcrübə deyil, həm də müasir bilik və bacarıqlar tələb edir. Ödənişsiz rəqəmsal marketinq sertifikatları bu bacarıqları necə istifadə edəcəyinizi öyrənməkdə və karyeranızı yüksəltməkdə sizə kömək edəcək. Bu yazıda ödənişsiz digital marketinq sertifikatlarının faydalarını və onları necə əldə edə biləcəyinizi öyrənəcəksiniz.

Digital Marketinq Kursları və Sertifikatlarının Üstünlükləri

Digital marketinqi öyrəndiyiniz vaxtlarda bu tip kurslar sizə bu sahə ilə bağlı məlumatlar ötürəcəkdir. Müxtəlif onlayn platformalarda mövcud olan ödənişsiz rəqəmsal marketinq kurslarının əhatə etdiyi mövzular əsasən aşağıdakılardır:

  • SEO
  • SEM (PPC)
  • Google Analytics
  • Sosial media marketinqi
  • E-mail marketinq
  • Kontent marketinq
  • Mobil marketinq
  • Affiliate Marketinq

Bunlarla yanaşı bir çox digər mövzularda da vacib məlumatlar əldə edəcəksiniz. Həmçinin kursların sonunda əldə etdiyiniz sertifikatlar iş dünyasında sizə kömək edəcəkdir.

Rəqəmsal marketinq kursları ilə hansı bacarıqlar əldə edə bilərsiniz?

Rəqəmsal marketinq kursları təkcə sertifikat üçün deyil, həm də təqdim etdikləri praktiki bacarıqlara görə əhəmiyyətli dəyərə malikdir. Bu kursları tamamlamaqla əldə edilə biləcək əsas bacarıqlar bunlardır:

  • Analitik düşüncə və məlumatların təhlili

Rəqəmsal marketinq məlumatlara əsaslanan bir sahədir. Kurslar analitik düşünmə bacarıqlarınızı inkişaf etdirməyə və mürəkkəb məlumatları başa düşməyə kömək edir. Analitik alətlərdən istifadə etmək bacarığı sizə kampaniya performansını qiymətləndirmək və strategiyaları optimallaşdırmaq imkanı verir. Beləliklə, məlumatlara əsaslanaraq qərarlarınızı formalaşdırmaq qabiliyyətiniz artır.

  • SEO və SEM strategiyalarının tətbiqi

Rəqəmsal marketinq kursları SEO (Search Engine Optimization) və SEM (Search Engine Marketing) strategiyalarını başa düşməyə və effektiv şəkildə tətbiq etməyə imkan verir. Axtarış motorlarının reytinqlərini anlamaq, açar söz strategiyaları yaratmaq və reklam kampaniyalarını idarə etmək bacarıqları rəqəmsal biliklərinizi gücləndirməyə və hədəf auditoriyanıza daha effektiv şəkildə çatmağa kömək edir.

  • Sosial Medianın İdarə Edilməsi və Strategiyaları

Sosial media rəqəmsal marketinqin ayrılmaz hissəsidir. Kurslar müxtəlif sosial media platformalarını effektiv idarə etməyin effektiv yollarını öyrədir. Siz bu tip kurslardan hədəf auditoriyanızı anlamaq, məzmun strategiyaları yaratmaq, qarşılıqlı əlaqəni artırmaq və sosial mediada marka tanınırlığını artırmaq kimi bacarıqlar əldə edirsiniz.

  • Məzmun Marketinq Strategiyalarının Yaradılması və İcrası

Rəqəmsal marketinq kursları effektiv məzmun marketinq strategiyalarının yaradılması və həyata keçirilməsində sizə köməklik edir. Bu, auditoriyanızla əlaqə yaratmaq, keyfiyyətli məzmun yaratmaq və brendə loyallığı yaratmaq bacarıqlarınızı gücləndirir. Məzmun marketinqi rəqəmsal varlığınızı gücləndirməyin və uzunmüddətli əlaqələr qurmağın vacib hissəsidir.

  • E-email Marketinqi və Avtomatlaşdırma Bacarıqları

E-mail marketinqi rəqəmsal marketinq strategiyalarında mühüm yer tutur. Kurslar sizə effektiv e-mai kampaniyaları yaratmaq, seqmentləşdirmə və avtomatlaşdırma strategiyalarını həyata keçirmək bacarıqlarını öyrənməyə imkan verir.

Rəqəmsal marketinq kursları bu tip əsas bacarıqları öyrətməklə yanaşı, bu bacarıqları praktikada necə tətbiq etməli olduğunuzu da göstərir. Bu kurslardan aldığınız sertifikatlar onu göstərir ki, siz həm nəzəri biliklərə, həm də müəyyən qədər praktiki biliklərə sahibsiziniz. Buna görə də, analitik düşüncə, SEO və SEM strategiyalarının həyata keçirilməsi, sosial medianın idarə edilməsi kimi bacarıqlar rəqəmsal marketinq karyeranızı gücləndirmək üçün çox vacibdir.

Ən Yaxşı Ödənişsiz və Sertifikatlı Digital Marketinq Kursları

Rəqəmsal marketinq dünyasının aparıcı platformaları pulsuz sertifikat proqramları təklif edir. “Google Digital Garage”, “HubSpot”, “Facebook Blueprint”, “SEMrush” kimi platformalar tərəfindən təklif olunan ən yaxşı ödənişsiz rəqəmsal marketinq kurslarını əldə edərək yeni biliklərə sahib ola bilərsiniz. Gəlin, daha yaxından bu kurslarla tanış olaq:

  1. Google Digital Garage – Fundamentals of Digital Marketing Kursu

    Google rəqəmsal marketinq dünyasında bələdçi rolunu oynayır və təklif etdiyi pulsuz təlim proqramı ilə insanlara biliklərini artırmağa kömək edir. Müxtəlif mövzularda geniş çeşidli təlimlər təklif etməklə, Google Digital Garage kursu həm rəqəmsal marketinq sahəsinə yeni başlayanlar, həm də təcrübəli peşəkarlar üçün dəyərli mənbəyə çevrilib. Bu kurslar Google Analytics və Google Ads kimi mühüm alətlərdən səmərəli istifadə etməyi öyrətməkdən tutmuş məlumatların təhlilinə qədər geniş mövzuları əhatə edir.  Həmçinin, kursu bitirdikdə sertifikat əldə edəcəksiniz.

  2. HubSpot Marketinq Kursları

    Bu platformada siz rəqəmsal marketinqlə bağlı müxtəlif kurslar görəcəksiniz, hansı ki, digital marketinq haqqında olan ilkin biliklərdən tutmuş, kontent marketinq, SEO və s. ilə bağlı nüanslara toxunulur. Bu kursların sonunda sertifikat da verilir.

    HubSpot tərəfindən təklif olunan kurslardan birinə -“Content Marketing” təliminə nəzər yetirək. Məzmun marketinqi brend tanınırlığını artırmaq, hədəf auditoriya ilə əlaqədə olmaq və müştəri loyallığını təmin etmək üçün mühüm strategiyaya çevrilib. “HubSpot”un ödənişsiz məzmun marketinqi kursu sizə bloq yazmaq, məzmun təhlili və müştəri davranışını başa düşmək, eləcə də məzmun strategiyaları yaratmaqda kömək edəcək.

    Kurslar:

    Digital marketing
    Content marketing
    Digital Advertising
    Social Media marketing
    Social Media marketing II

  3. Facebook Blueprint Kursları

    Sosial media marketinqi brendlərə hədəf auditoriyası ilə qarşılıqlı əlaqə qurmağa, sadiq müştəri bazası yaratmağa, məhsul və ya xidmətlərini tanıtmağa imkan verən mühüm vasitədir. Facebook Blueprint Facebook və Instagram reklamları üzrə hərtərəfli təlim təqdim edir. Hədəfləmə strategiyaları, reklam performansının təhlili, piksel istifadəsi kimi mövzularda ixtisaslaşmanıza imkan verən bu sertifikatlı kurslar sosial media biliklərinizi gücləndirməyə kömək edəcək. Kurslarla buradan tanış ola bilərsiniz.

  4. Google Ads Certifications

    Google Ads Sertifikatları rəqəmsal marketinq mütəxəssisləri üçün əvəzsiz sertifikatlardandır. Google tərəfindən təqdim edilən bu kurslarda reklam kampaniyalarını effektiv idarə və təhlil etməyi, optimallaşdırmağı öyrənəcəksiniz. Google Ads kursları ilə rəqəmsal biliklərinizi daha da artıracaq, həmçinin müxtəlif sertifikatlar əldə edəcəksiniz.

  5. SEMrush SEO Toolkit Kursları

    Axtarış motorlarının optimallaşdırılması (SEO) bacarığı rəqəmsal marketoloqlar üçün vacib bacarıqlardan biridir. SEMrush SEO Toolkit kursları sizə açar söz araşdırması, rəqib analizi, saytın optimallaşdırılması və backlinklərin idarə edilməsi haqqında ətraflı məlumat verir. Axtarış motorlarının mürəkkəb alqoritmlərini başa düşmək və veb-saytınızın reytinqini artırmaq üçün bu kursu bitirərək sertifikat əldə edə bilərsiniz.

  6. LinkedIn Learning Kursları

    LinkedIn Learning peşəkarlar üçün təhsil platforması kimi mühüm rol oynayır. Bu platforma sizə rəqəmsal marketinq strategiyaları, SEO bacarıqları, Googel Analytics, sosial medianın idarə edilməsi kimi mövzularda praktiki biliklər təqdim edir. Onlayn platformada olan “Advance as a Digital Marketing Specialist” kurslar toplusundakı təlimlər sizə SEO, kontent marketinq, e-mail marketinq və s. ilə bağlı müxtəlif biliklər verəcəkdir. Burada təkcə kursu bitirdikdə sertifikat əldə etmirsiniz, həmçinin bütün kurslar bitdikdən sonra kurslar toplusunu bitirdiyinizlə bağlı sertifikat alacaqsınız.

  7. Udemy Ödənişsiz Rəqəmsal Marketinq Kursları

    Udemy onlayn təhsil platforması dünyanın dörd bir yanından olan təlimçilərdən rəqəmsal marketinq üzrə ödənişsiz kurslar təklif edir. Bu kurslar sosial medianın idarə edilməsi, e-mail marketinqi, məzmun strategiyaları və rəqəmsal analitika kimi mövzularda geniş biliklər təqdim edir. Bu kurslardan aldığınız biliklər rəqəmsal dünyada sizə kömək olacaqdır. Sözügedən platformada olan ödənişsiz rəqəmsal marketinq kurslarından birini buradan əldə edə bilərsiniz.

  8. Bilgeiş – Çevrim İçi Reklamcılık

    Türk dilində olan bu kurs sizə SEO (Axtarış motorlarının optimizasityası), ödənişli reklamlar, veb-saytların analitikası haqqında məlumat verəcək, həmçinin sosial media kanallarının necə idarə olunmalı olduğunu öyrədəcəkdir. Sonda sertifikat da əldə edəcəksiniz.

Bu məqalədə qeyd etdiyimiz ödənişsiz digital marketinq sertifikatları karyeranızı inkişaf etdirmək və bu sahədə fərqlənmək üçün əla başlanğıc təklif edir. Bununla belə, unutmaq olmaz ki, sertifikatlar sadəcə vasitədir. Əsas odur ki, bu məlumatları praktikada tətbiq edərək daim yeniləyin. Unutmayın ki, rəqəmsal marketinq dünyası sürətlə inkişaf etdiyi üçün siz də həmişə öyrənməyə və yeniliklərə açıq olmalısınız.

Paylaş:

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *